Tarix: 23-11-2020 20:58                                                                                                 Oxundu:72

Vətən Müharibəsində qazi, şəhid olanlara saxta “mənzil qayğısı”... - İTTİHAM

"Bütöv xalqımız bu günlərdə əsl bayram yaşayır, Ali Baş Komandanımızın, Ordumuzun, Dəmir Yumruğun qələbəsindən ilhamlanır. Dövlət qurumları da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməkdədir. İşğaldakı torpaqlarımız azad edildikcə yurd yerlərinə hüquq mühafizə, ədliyyə orqanlarının köçürülməsinə başlanılıb . Getdikcə sosial-iqtisadi sahədə fəaliyyət göstərən qurumların işə başlayacağı şübhə doğurmur". Bu barədə DİA.AZ-a Qarabağ əlilləri və şəhid ailələrinin bir qrupu adından daxil olan müraciətdə deyilir.

Müraciətdə daha sonra bildirilir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rolunu qeyd etməyə, fikrimizcə, ehtiyac yoxdur. Arazboyu rayonlar azad edilən kimi ƏƏSM naziri Sahil Babayevin İran rəsmiləri görüşməsi də çox şey deyir. Amma Nazirliyin bəzi qurumlarının əhalini narazı salmaları da məlumdur. İşğaldan azad edilən Cəbrayıl rayonunun Hovuslu kənd sakininin pensiyasını DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “işğal etməsi”ndən toplum mətbuat vasitəsilə xəbərdardır. Və hələ də məcburi köçkünün pensiyası sosial məmurların “işğalından azad edilməyib”.

Qarabağ uğrunda döyüşlərdə qazi, şəhid olanların ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından danışmağa xüsusi ehtiyac var. Dövlətimiz, onun başçıları əlil və şəhid ailələrinin problemlərinin, xüsusilə mənzil şəraitinin həllinə xüsusi diqqət və qayğı ilə yanaşır , amma bu sahəyə təhkim edilən və 3-4 aydır ayrıca publik hüquqi şəxsə çevrilən ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyi göstərilən diqqət və qayğını heç edir. Agentliyin sədri Vüqar Behbudov nazirlə tələbə yoldaşı olmasınından istifadə edərək mənzil bölgüsündə regional ayrı-seçkiliyə, qanunsuzluğa yol verir. Bunu bir il qabaq Nizami rayonu, Çobanzadə küçəsində tikilən evin qanunsuz bölgüsü açıq sübut edir. Belə ki, son 10 ildə Bakının içində tikilən yeganə evi Vüqar Behbudov və əlaltıları necə bölübsə , bir neçə evi, villaları olanlar , keçmiş -indiki deputatlar, nazirin mərhum atasının DİN -in “OVİR”ində işləyən və mənzilə ehtiyacı olmayan iş yoldaşları mənzillə təmin olunub , amma on illərdir mənzil növbəsinə dayananlar , hətta məhkəmə qərarı ilə mənzillə təmin edilməli olan imtiyazlı şəxslər Nizami rayonu olmamaları bəhanəsilə mənzilsiz qalıblar. Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun bu qanunsuzluğuna hələ də hüquqi qiymət verilməyib. Yəqin nazirin himayəsi onu hüquq mühafizə orqanlarının korrupsiya ittihamından mühafizə edir. Ölkənin 1-ci vitse-prezidentinin tapşırığına belə əməl etməyən V. Behbudovun nazir Sahil Babayev tərəfindən yeni yaradılan Sosial Xidmətlər Agentliyinin sədri təyin edilməsi bu himayədarlıqdan xəbər verir.

Bir məsələ də var ki, niyə SXA (Sosial Xidmətlər Agentliyi ) qazi, şəhid ailələrinə mənzilləri Bakıdan xeyli kənarda -Abşeron rayonunun kəndlərində alır? Dövlət büdcəsindən ayrılan vəsait hesabına Bakıda – Ağ şəhər və digər yerlərdə tikilən binalardan mənzillər almağa nə mane olur? Axı, mal -materialın qiyməti eynidir, niyə mərkəzdə tikilən ev kənardakından 2-3 dəfə baha alınmalıdır? Yaxud niyə Vətən uğrunda canını-qanını verənlərə Bakının mərkəzi yerlərində mənzillər alınmasına qıyılmır, xəsislik edilir? Vüqar Behbudov, hansısa nazir, nazir müavini, adi sektor müdiri özünə Abşeronun hansısa kəndində mənzil alar ? Vətənin ən əziz sayılan övladlarına belə xor baxılmasına nə vaxt son qoyulacaq ? Nə vaxtadək dövlətin və onun başçısının sosial siyasəti sosial məmurların təxribatına məruz qalacaq?

Yəqin ki, Prezident, Ali Baş Komandan qazi və şəhid ailələrinə göstərdiyi mənəvi dəstəyi maddi diqqət və qayğı ilə də əhatə edəcək və Bakıda yaşayanlara elə Bakının ən görkəmli yerində mənzillər alınmasını tapşıracaq. Azərbaycan xalqı Prezidentinə, Ali Baş Komandanına inanır və daim arxasındadır".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Digər Dünya xəbərləri