Tarix: 06-12-2016 12:51                                                                                                 Oxundu:798

AILƏ PODARATINA ÇEVRILƏN UŞAQ BAĞÇASI

Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki «Araz» körpələr evi- uşaq bağçası ailə podaratına çevrilib

Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki 32 işçi və 120 uşağı olan «Araz» körpələr evi- uşaq bağçası uşaq qəbulu müəssisənin nüfuzlu qonaqlarının reytinqindən öz şəxsi maraqlarının təmini üçün yararlanan Aygün müəllimənin yersiz təkəbbürü ucbatından valideynlər üçün problemə çevrilib. Valideynlər müdirənin irəli sürdüyü rüşvət şərtlərini yerinə yetirməkdə çətinlik çəkirlər.

Təranə Vəliyeva adlı valideyinin redaksiyamıza verdiyi məlumatlara görə, Aygün xanım 8 ildir müdir işlədiyi bu bağçanı özünə yağlı tikə saydığından heç bir təhsili olmayan qızı Xanım xanımı da süpürgəçi kimi sənədləşdirərək tərbiyəçi kimi çalışdırır. (Bu təyinatın kim tərəfindən və necə aparılması barədə BŞİH-nə ünvanladığımız müraciətdən sonra daha ətraflı məlumat verəcəyik) Hələ bu azmış kimi işsiz olan həyat yoldaşı bütün gününü bu bağçada keçirir,işçilərə təlimat verir,hara gəldi müxtəlif işlərə buyurur.

Şikayətçi bildirir ki,bağçaya verilən ərzaq və təsərrüfat mallarının əksəriyyəti müdir tərəfindən mənimsənilir.

Aygün xanım işçilərini də gözümçıxdıya salıb, onlara xırda nöqsanları bəhanə edərək tez-tez töhmət verir, onların işdən çıxarılmasına aparan yolu qısaldır, daim təzyiq altında saxlayır. Bəs yaxşı, ancaq quru maaşa qulluq edən işçiləri təhdid etməkdə görən xanım direktorun məqsədi nədir? İlk ağıla gələn bu olur ki, müdirə onları çıxarıb yerinə qoyacağı növbəti işçidən rüşvət almaqda maraqlıdır!

"Mən nə Hacıbaladan (Bakı şəhər İcra Hakimiyyətinin başçısı H. Abutalıbov – red.), nə də Eldardan (Bakı ŞİH-nin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri E. Yunusov – red.) gözükölgəli deyiləm, məni bura Elmira xanım təyin edib deyir.Hamının haqqını verirəm, mənə heç kim toxuna bilməz” deyən bağça müdirəsi onun rəhbərlik etdiyi müəssisənin fəaliyyəti ilə maraqlanan medianı Sabunçu rayon İcra Hakimiyyətindəki havadarları ilə hədələyir.

İşə səhər əliboş gələn işçilərin, axşam evə gedəndə sürüyə-sürüyə bağçadan apardıqları ərzaq dolu çantalarına ailə üzvləri köməyə gəlirlər.

Sadə vətəndaşlarla birgə avtobusdan istifadə etməyi özünə sığışdırmayan müdirənin təkcə şəhərə gediş-gəlişi üçün ay ərzində taksiyə xərclədiyi pul azından 500 manat təşkil edir. Əlbəttə ki, quru maaşla bu xərclərin öhdəsindən gəlmək olmaz. Elə isə haqlı sual ortaya çıxır: Aygün xanım hansı qazanc mənbəyi hesabına belə dəbdəbəli həyat sürür?

Müdirənin sözündən belə çıxır ki, Azərbaycan əhalisinin böyük əksəriyyətini təşkil edən azəri türklərinin uşaqları ilə işləyən körpələr evlərinin müdir və tərbiyəçiləri valideynlərdən rüşvət alıb "yağ-bal içində üzürlər”.

Ardı Var Bizi İzləyin

Mövzuya qayıdacağıq.

Digər Dünya xəbərləri