Tarix: 27-08-2021 21:03                                                                                                 Oxundu:13

Maliyyə Nazirliyinin açıqlaması həqiqəti əks etdirmir - Bürokratiya, yoxsa məsuliyyətsizlik? - ƏTRAFLI

Maliyyə Nazirliyinin açıqlaması həqiqəti əks etdirmir - Bürokratiya, yoxsa məsuliyyətsizlik? - ƏTRAFLI



Ölkədə vətəndaş cəmiyyəti institutlarının (QHT) vəziyyətinin heç də ürəkaçan olmadığı hər addımda hiss edilir. Belə ki, dövlət və vətəndaş arasında həmrəyliyin və qarşılıqlı inamın yaranmasında mühüm rol oynayan QHT-lər indi maliyyə çatışmazlığı səbəbindən ağır günlərini yaşayır. Buna səbəb isə Maliyyə Nazirliyi tərəfindən QHT-lərə maliyyə vəsaitlərinin ayrılmaması, dövlət büdcəsində nəzərdə tutulan məbləğin təşkilata vaxtında verilməməsidir. Doğrudur bu haqda mediada dərc olunan geniş materialdan sonra Maliyyə Nazirliyi açıqlama yayaraq, 2021-ci il üzrə dövlət büdcəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə qeyri-hökumət təşkilatlarının qrant layihələrinin maliyyələşdirilməsi üçün 4 milyon 395 min manat vəsaitin ayrılmasının nəzərdə tutulduğunu bəyan etdi. Eyni zamanda nazirlik günahı Agentlikdə görərək, təsdiq olunan büdcənin icrası ilə bağlı indiyədək bu işə cavabdeh qurum tərəfindən Maliyyə Nazirliyinə hər hansı müraciət və ya sifarişin daxil olmadığını bildirdi. Lakin aparılan araşdırmalar başqa nüansları üzə çıxarır və Maliyyə Nazirliyinin açıqlamasının həqiqəti əks etdirmədiyini deməyə əsas verir.

Əldə etdiyimiz məlumata görə, son aylar ərzində dəfələrlə maliyyə sifarişləri Maliyyə Nazirliyinə təqdim edilb və müzakirə olunub. Maliyyə Nazirliyinin nümayəndəsi də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT sektorunun peşəkar təmsilçilərindən ibarət Müşahidə Şurasında təmsil edilir. Yəni maliyyə sifarişləri onun da iştirakı ilə hazırlanıb. Hər dəfə bir bəhanə tapan Maliyyə Nazirliyi bürokratik yollarla təşkilatın tam fəaliyyətə başlamasına maneə yaradır. Dövlət büdcəsinə qənaət, maliyyə proqnozunda verilən məbləğdən az vəsaitin ayrılması və dövlət vəsaitlərinin sərfiyyatına qənaətçil münasibət Maliyyə Nazirliyinin əsas vəzifələrindən biridir. Amma büdcədən maliyyələşən təşkilat kimi QHT agentliyinə vəsaitin ayrılmasının gecikdirilməsi və hər dəfə də bu məqsədlə bir bəhanənin ortaya çıxarılması sözügedən sektorunun iflic edilməsi deməkdir. İndi büdcə ayrılsa belə yalnız bir rüb ərzində QHT-lər layihələrini icra edə bilməyəcəklər. İcra olunmayan maliyyə vəsaiti isə dövlət büdcəsinə geri qaytarılmalıdır. Peşəkar və şəffaf prinsiplər əsasında təşkil olunan QHT agentliyinə və bütün QHT ailəsinə Maliyyə nazirliyinin sərgilədiyi münasibət başa düşülən deyil.

Maliyyə nazirliyinin mətbuat xidməti KİV-də müxtəlif vasitələrlə nazirlik haqqında hər hansı cüzi xəbəri belə çıxarmaqla məşğul olmaqdansa, QHT seqmentinin haqlı sualına düzgün cavab verməlidir. Bir çox hallarda şişirdilmiş büdcələri olan təşkilatların bəzi səmərəsiz layihələrinə avtomatik olaraq qısa zaman ərzində böyük vəsait ayrılır. Görən meyar nədir? Maliyyə Nazirliyinə onu da xatırlatmaq istərdik ki, bu təsisat konkret sahə üzrə dövlət siyasətini müəyyən edən və ya icra edən təşkilat deyil, dövlətin müəyyən etdiyi siyasətə uyğun olaraq maliyyə təminatının qənaətcil və səmərəli şəkildə təmin olunmasını və istifadə edilməsini həyata keçirməli olan dövlət təşkilatıdır./KONKRET.az/

Digər Dünya xəbərləri